Xəbərlər
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

25 fevral tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm Və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, YAP Xəzər Rayon təşkilatın sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rauf Əliyev, RİH başçısının aparatının nümayəndələri, Xocalıdan olan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə iştirak edən Xocalıdan olan şəhid ailələrinin üzvləri — İman Allahverdiyev, Məlahət Hüseynova, Məhəmməd Abışov və Tacimə Quliyeva 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən törədilmiş faciə barədə xatirələrini bölüşmüşlər. Bildirilmişdir ki, Xocalıda yaşayan 7 min nəfər əhalidən min nəfərdən çoxu qətlə yetirilmiş və ya itkin düşmüşdür. Qarlı meşələrdən keçərək Ağdama üz tutan sakinlərin bir çoxu isə donvurma nəticəsində həyatını itirmiş və ya sağlamlığını itirmişdir. Xocalı faciəsi XX əsrdə törədilmiş ən qanlı qətliamlardan biri kimi tarixə düşmüşdür.
Qeyd olunmuşdur ki, aparılan antiterror tədbirləri nəticəsində işğaldan azad olunmuş Xocalı şəhərində artıq yeni dövr başlanmışdır və sakinlər doğma yurdlarına qayıtmağa başlamışlar. Tezliklə bütün məcburi köçkünlərin də öz evlərinə dönəcəklərinə ümid ifadə edilmişdir.
Sonda Xocalı sakinləri onları doğma torpaqlarına qovuşduran Azərbaycan Ordusuna və Ali Baş Komandana minnətdarlıqlarını bildirmişlər.











