Xəbərlər
Xocalı Soyqırımı – Unudulmayan Faciə

25 fevral 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin aparat işçiləri və üzv təşkilatlarının sədrləri, ümumtəhsil məktəblərinin direktorları həmçinin ETİHİ Nizami Rayon Komitəsinin üzv təşkilatı olan Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup tələbələrinin iştirakı ilə Xocalı Soyqırımı abidəsi ziyarət edilib.
Ziyarət zamanı Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub. Tədbir iştirakçılarına 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş dəhşətli soyqırımı haqqında ətraflı məlumat verilib, 34 il əvvəl yaşanmış bu faciənin Azərbaycan xalqının tarixində ən ağır səhifələrdən biri olduğu vurğulanıb.
Çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov Xocalı həqiqətlərinin gənc nəslə aşılanmasının, tarixi yaddaşın qorunmasının və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini qeyd edib.
Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, xalqımızın bir daha belə faciələrlə üzləşməməsi üçün həmrəyliyin və milli birliyin əhəmiyyətini vurğulayıblar.
Uca Allahdan Xocalı soyqırımının şəhidlərinə rəhmət diləyirik.





