Xəbərlər
Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Qəbələ rayonu üzrə təhsil sektoru, ETİHİ Qəbələ rayon Komitəsi və ümumtəhsil məktəbləri tərəfindən Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Şükür Eyvazov adına Yemişanlı kənd tam orta və Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəblərinin akt zalında baş tutan tədbirdə Qəbələ rayon üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, idarənin əməkdaşları, ETİHİ Qəbələ rayon Komitəsinin sədri Camal Qurbanov, iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilmiş bəşəri cinayətlər barədə həqiqətləri gənc nəslin nümayəndələrinə çatdırmaq, vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiram nümayiş etdirmək və məktəblilərdə vətənpərvərlik hissini daha da gücləndirmək məqsədilə keçirilən tədbirdə faciənin tarixi haqqında məlumat verilib, videoçarxlar nümayiş etdirilib.
Çıxış edənlər bildirib ki, Xocalı soyqırımına düzgün siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra şagirdlər Xocalı faciəsində soydaşlarımızın başına gətirilən müsibətləri və vətənpərvərlik ruhunda səhnələşdirdikləri ədəbi-bədii kompozisiyaları təqdim ediblər.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı Qəbələ rayon ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində xüsusi dərslər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalardan ibarət tədbirlər təşkil edilib, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli filmlər nümayiş etdirilib.
























