Xəbərlər
Yardımlıda “İstedadın rəngləri, gələcəyin işığı” adlı sərgi təşkil olunub

Mayın 22-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzində istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və qızların təhsilə daha fəal şəkildə cəlb olunması məqsədilə “İstedadın rəngləri, gələcəyin işığı” adlı əl işləri sərgisi təşkil olunub.
Sərgidə Yardımlı RİH Başçısı aparatının Böyük məsləhətçi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şakir Kərimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon üzrə Təhsil sektorunun müdiri Kamal Təhməzov, Yardımlı rayon mədəniyyət müəssisələrinin əməkdaşları, Yardımlı rayon Gənclər və İdman Sektorunun kollektivi və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.
Sərgidə Anzov kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Fətullazadə Fidan və Abdulzadə Nəzrinin hazırladıqları bir-birindən maraqlı və zövqlə ərsəyə gətirilmiş əl işləri nümayiş etdirilib. Tədbirdə çıxış edənlər uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsinin, onların asudə vaxtlarının səmərəli təşkili və təhsilə həvəsləndirilməsinin vacibliyindən bəhs ediblər. Bildirilib ki, bu cür tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə və gələcək uğurlarına mühüm töhfə verir.
Daha sonra iştirakçılar sərgiyə baxış keçirərək nümayiş olunan əl işləri ilə yaxından tanış olublar. Sərgi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Fətullazadə Fidan və Abdulzadə Nəzrin yaradıcılıq fəaliyyətlərinə və sərgidə fəal iştiraklarına görə ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən “Təşəkkürnamə” və hədiyyələrlə ilə təltif olunublar.







