Xəbərlər
Yeni tədris ilində hər kəsə uğurlar arzulayırıq

Ağcabədi rayonunda 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin Sentyabr konfransı keçirilib.
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Elməddin Bəşirov, Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva, eləcə də ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər və metodistlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda yeni tədris ilinin əsas prioritetləri, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir təlim metodlarından səmərəli istifadə və məktəblərdə əlverişli təhsil mühitinin yaradılması istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Bildirilib ki, 2026–2027-ci tədris ilində əsas hədəf mövcud çətinliklərin aradan qaldırılması, təhsil nəticələrinin daha da yaxşılaşdırılması və hər bir şagird üçün inkişafyönümlü təhsil mühitinin formalaşdırılmasıdır.
Yeni tədris ilinin bütün müəllim, şagird, təhsil işçisi və valideynlərə uğur, sağlamlıq və yüksək nailiyyətlər gətirməsini arzulayırıq!





















