Xəbərlər
Yubiliyarlarla görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Ağstafa rayonunun təhsil müəssisələrində çalışan bir qrup müəllimin 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir təşkil olundu. Tədbirin keçirilməsində əsas məqsəd uzun illər ömrünü şərəfli müəllimlik peşəsinə həsr etmiş, öz bilik və təcrübəsi, zəhməti və fədakarlığı ilə gənc nəslin yetişməsinə dəyərli töhfələr vermiş təhsil işçilərinə diqqət və ehtiram göstərmək, onların əməyini yüksək qiymətləndirmək, həyat və fəaliyyət yollarına hörmət ifadə etmək oldu.
Tədbirdə yubilyar müəllimlərin pedaqoji fəaliyyətindən, təhsil sahəsində göstərdikləri uzunmüddətli və səmərəli xidmətlərdən, yetişdirdikləri şagirdlərin həyatında oynadıqları mühüm roldan bəhs edildi. Qeyd olundu ki, müəllimlik yalnız bir peşə deyil, həm də böyük məsuliyyət, səbir, fədakarlıq və insan sevgisi tələb edən müqəddəs bir missiyadır. Bir ömür boyu şagirdlərə bilik və savad öyrətmək, onların dünyagörüşünün formalaşmasına, vətənə, dövlətə, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə xidmət etmək hər kəsə nəsib olmayan böyük bir zəhmət və şərəf yoludur.
65 illik yubiley insan ömrünün mühüm və mənalı mərhələsidir. Bu yaşa qədər qazanılan həyat təcrübəsi, çəkilən zəhmət, əldə olunan nailiyyətlər və insanların yaddaşında buraxılan xoş izlər hər bir insan üçün böyük mənəvi sərvətdir. Xüsusilə müəllim üçün bu illərin dəyəri daha böyükdür. Çünki müəllimin ömrü yalnız öz yaşadığı illərlə deyil, həm də yetişdirdiyi neçə-neçə nəslin uğurları, qazandığı biliklər və cəmiyyətə verdiyi töhfələrlə ölçülür.
Tədbirdə çıxış edən yubilyar müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə və təşkilatçılara dərin minnətdarlıqlarını bildirdilər. Onlar belə əlamətdar günlərdə xatırlanmağın, əməyə verilən dəyərin, göstərilən hörmət və ehtiramın hər bir təhsil işçisi üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğuladılar.
Yubilyarlar qeyd etdilər ki, son iki il ərzində təhsil işçilərinə göstərilən diqqət və qayğı, onların sosial-mənəvi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əlamətdar günlərin və yubileylərin qeyd olunması, müəllim əməyinə verilən yüksək qiymət kollektivlər tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır. Bildirdi ki, bu diqqət və qayğı müəllimlərdə ruh yüksəkliyi yaradır, onların özlərini dəyərli, diqqət mərkəzində və böyük bir kollektivin ayrılmaz parçası kimi hiss etmələrinə səbəb olur.
Xüsusilə vurğulandı ki, müəllim üçün çəkdiyi zəhmətin unudulmaması, illərlə verdiyi əməyin qiymətləndirilməsi, xoş günündə xatırlanması və mənəvi dəstək görməsi ən böyük sevinc və motivasiya mənbələrindən biridir. Tədbirdə iştirak edən müəllimlər bu cür görüşlərin həmkarlar arasında səmimiyyətin, mehribanlığın, qarşılıqlı hörmətin və həmrəylik ruhunun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdilər.
Qeyd etmək lazımdır ki, həmkarlar ittifaqının fəaliyyəti yalnız əmək hüquqlarının və sosial təminat məsələlərinin müdafiəsi ilə məhdudlaşmır. Eyni zamanda, üzvlərinin mənəvi dəyərləndirilməsi, onların həyatında əlamətdar hadisələrin diqqətdə saxlanılması, yaşlı və təcrübəli təhsil işçilərinə ehtiram göstərilməsi, kollektivlərdə birlik və həmrəylik mühitinin gücləndirilməsi də bu fəaliyyətin mühüm istiqamətlərindəndir.
Ağstafa Rayon Komitəsi üçün hər bir təhsil işçisinin əməyinə dəyər vermək, onların sevincinə şərik olmaq, çətin və məsuliyyətli fəaliyyət yollarında yanında olmaq mühüm mənəvi məsuliyyətdir. Çünki müəllimə göstərilən diqqət əslində gələcəyimizə, təhsilə, elmə və insan kapitalına göstərilən diqqətdir.
Tədbir səmimi söhbətlər, xoş arzular və minnətdarlıq ifadələri ilə yadda qaldı. Yubilyar müəllimlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, könül rahatlığı və həyatlarının bundan sonrakı mərhələsində bol sevinc arzulandı.




