Xəbərlər
Yubilyar müəllimlərlə görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Namiq Həmzəyev adına Göycəli kənd tam orta məktəbi pedaqoji kollektivində xüsusi əlamətdar bir gün qeyd edilmişdir. Məktəbin təcrübəli və nümunəvi müəllimləri — Rafiq Əliyev və Ziba Məmmədovanın 65 illik yubileyləri münasibətilə onlarla görüş təşkil olunmuşdur.
Görüşdə ETIHI Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxış edərək yubilyar müəllimlərin uzun illər təhsil sahəsinə göstərdikləri xidməti yüksək dəyərləndirmiş, onların peşəkarlıqla, məsuliyyətlə və fədakarlıqla yetişdirdikləri şagirdlərin təhsil ictimaiyyətində xüsusi yer tutduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, hər iki müəllim pedaqoji fəaliyyətləri dövründə məktəbin inkişafına töhfə verib, gənc nəslin təlim-tərbiyəsində özünəməxsus iz qoyublar.
Səmimi və işgüzar ab-havada keçən tədbirdə yubilyarlar təbrik edilmiş, onlara təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyətlərinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur. Tədbir müəllim kollektivinin təşəkkür dolu fikirləri və xoş arzularla yekunlaşmışdı.








