“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İyulun 9-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən Təhsil İstirahət Mərkəzinin konfrans zalında baş tutdu

11/07/2026, 11:11
xeber1

İyulun 9-da Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclas Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən “Təhsil” istirahət mərkəzinin konfrans zalında baş tutub.

 

İclası açan universitetin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli gündəlikdə duran məsələlər barədə məlumat verərək onların universitetin strateji inkişaf prioritetlərinə uyğun formalaşdırıldığını bildirib. Qeyd olunub ki, gündəlik cari tədris ilinin yekunlarının qiymətləndirilməsi, növbəti akademik ilə hazırlıq və universitetdə təhsil, elm və idarəetmə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş strateji məsələləri əhatə edir.

 

İclasda ilk olaraq 2025/2026-cı tədris ilinin yekunları müzakirə olunub. Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev yaz semestrinin imtahan sessiyasının ilkin nəticələrini təqdim edib. Daha sonra struktur bölmələrinin rəhbərləri və fakültə dekanları hesabatlarla çıxış edərək tədris ili ərzində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Elmi Şuranın əvvəlki qərarlarının icra vəziyyəti də diqqətə çatdırılıb.

 

Növbəti akademik ilə hazırlıq çərçivəsində 2026/2027-ci tədris ili üçün Akademik Təqvim Planı və yenilənmiş tədris planları müzakirə olunaraq Elmi Şuranın qərarı ilə təsdiq edilib.

 

İclasda universitetdə institusional inkişafın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər də təqdim olunub. Rektor professor Nurəli Yusifbəyli diferensial əməkhaqqı sisteminin tətbiqi və əməkdaşların innovativ təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş “SDU FİKİR BANKI – 1000 İDEYA, 1 SDU” layihəsi barədə məlumat verib. Keyfiyyətin təminatı və strategiya şöbəsinin müdiri Mədinə Abışova Strateji İnkişaf Planının indikatorlar üzrə icra vəziyyətini təqdim edib. Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova isə universitetin QS və THE beynəlxalq reytinqlərində mövqeyinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər barədə məlumat verib.

 

İclas çərçivəsində 2026–2030-cu illəri əhatə edəcək Strateji İnkişaf Planının hazırlanması, universitetin prioritet elmi istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə strukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi və Elmi-Metodik Şuranın yaradılması ilə bağlı məsələlər də müzakirə olunub. Həmçinin Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyində fəaliyyətinin təşkili ilə bağlı təqdimat dinlənilib. Müzakirələrin yekununda gündəlikdə yer alan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib. Qəbul olunan qərarların icra mexanizmləri, monitorinqi və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

 

Sonda rektor professor Nurəli Yusifbəyli universitetin strateji inkişaf hədəflərinin həyata keçirilməsində kollektivin fəal iştirakının əhəmiyyətini vurğulayaraq, müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə işlərin ardıcıl və koordinasiyalı şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: