Xəbərlər
İyun ayı ərzində ETİHİ Xətai Rayon Komitəsinin dəstəyi ilə həmkarlar ittifaqı üzvləri üçün müxtəlif tur-ekskursiyalar təşkil edilmişdir

İyun ayı ərzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin dəstəyi ilə Komitənin xidmətinə daxil olan məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvləri üçün ölkəmizin füsunkar və dilbər guşələrinə müxtəlif tur-ekskursiyalar təşkil olunmuşdur.
Təşkil edilən ekskursiyalar yay tətili və həftəsonu günlərində ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli, maraqlı və mənalı təşkili, onların sosial rifahının yüksəldilməsi, sağlam istirahətlərinin təmin edilməsi və mənəvi-psixoloji rahatlıqlarının dəstəklənməsi məqsədi daşımışdır.
Səfərlər zamanı tur iştirakçıları Azərbaycanın zəngin təbiəti, ecazkar mənzərələri və füsunkar guşələri ilə yaxından tanış olmuş, təbiət qoynunda xoş və unudulmaz anlar yaşamış, gərgin tədris ilinin yorğunluğunu arxada qoyaraq səmərəli istirahət etmək imkanı qazanmışlar. Birgünlük istirahət proqramları onların asudə vaxtlarının daha dolğun, faydalı və məzmunlu keçirilməsinə əlverişli şərait yaratmışdır.
ETİHİ Xətai Rayon Komitəsi həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, mədəni-mənəvi inkişafının dəstəklənməsi və sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirir, üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunmasına xüsusi önəm verir.
Tur iştirakçıları onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinə və ETİHİ Xətai Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə etmiş, bu cür layihələrin davamlı olaraq həyata keçirilməsini müsbət dəyərləndirmişlər.











