Xəbərlər
Zaqatala rayonunda "Xocalı faciəsinin" 34 cü il dönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsindən otuz dörd il ötür. 1992-ci ilin fevral ayında baş vermiş bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, ailələr məhv edilmiş, insanlar doğma yurd-yuvalarından didərgin salınmışdır. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşmüşdür.
Anım günü ilə əlaqədar respublikamızın bütün ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir. Açıq dərslərdə şagirdlərə Xocalı həqiqətləri ətraflı şəkildə çatdırılmış, hadisələrin tarixi mahiyyəti, beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi və bu faciənin xalqımızın yaddaşında tutduğu yer izah olunmuşdur. Müəllimlər tərəfindən təqdimatlar edilmiş, sənədli materiallar nümayiş etdirilmiş, şagirdlərin çıxışları dinlənilmişdir.
Eyni zamanda məktəblərdə elmi-praktik konfranslar təşkil olunmuş, şagirdlər tərəfindən hazırlanmış məruzələr təqdim edilmişdir. Sərgi və guşələrdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş fotomateriallar, rəsm işləri, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, faciəni əks etdirən kitab və nəşrlər sərgilənmişdir. Bu tədbirlərin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi həqiqətlərin unudulmaması və gələcək nəsillərə ötürülməsi olmuşdur.
Keçirilən mərasimlərdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı hər zaman xalqımız üçün örnək olaraq qalacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaqdır.











