Xəbərlər
Zaqatalada 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Zaqatala Rayon Heydər Əliyev Mərkəzi və Zəfər Murtuzəliyev adına şəhər 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov da iştirak edib.
Əvvəlcə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir çərçivəsində Zəfər Murtuzəliyev adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda təsirli səhnəciklər nümayiş etdirilib, Vətənə məhəbbəti, qəhrəmanlıq və şəhidlik zirvəsini tərənnüm edən şeirlər söylənilib, mahnılar ifa olunub.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik və qəhrəmanlıqdan bəhs olunub, şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Qeyd olunub ki, Anım Gününün qeyd edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara milli-mənəvi dəyərlərin aşılanması və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.








