Xəbərlər
Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Kollecində Zəfər Gününün həsr olunmuş musiqili-bədii tədbir keçirilib.
Yüksək vətənpərvərlik ruhunda keçirilən tədbirdə kollecin kollektivi, tələbələr, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları fəxri qonaq qismində iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tələbələrin ifasında Vətənə, Zəfərə və qəhrəmanlığa həsr olunmuş musiqi nömrələri təqdim edilib. Səmimi və təsirli ifalar tədbirə xüsusi ovqat qatıb.
Kollecin direktoru Amaliya Sezgin çıxışında tələbələrin səhnə çıxışlarından və tədbirin təşkilindən məmnunluğunu ifadə edib. O, gənclərin vətənpərvərlik ruhunda yetişməsində bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq, əməyi keçən tələbələrə və təşkilatçılara təşəkkürünü bildirib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və xalqımızın nümayiş etdirdiyi milli birlikdən danışıb. O, şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, qazilərə və şəhid ailələrinə diqqət və qayğının göstərilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Yasamal Rayon Komitəsi tərəfindən Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinin üzvlərinə ehtiramın ifadəsi olaraq Fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.
Musiqi nömrələri və qürur dolu anlarla yadda qalan tədbir iştirakçılara xoş və unudulmaz anlar yaşadıb.




















