Xəbərlər
Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol yarışı keçirilib.
Tədbir 30 oktyabr 2025-ci il tarixində Xırdalan şəhəri 11 nömrəli tam orta məktəbin idman zalında baş tutub. Yarışın keçirilməsində əsas məqsəd 8 Noyabr – Zəfər Gününün əhəmiyyətini vurğulamaq, müəllimlər arasında həmrəylik, sağlam həyat tərzi və idman mədəniyyətinin təbliğinə töhfə vermək olub.
Tədbirin açılışında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov, məktəbin direktoru Elşən müəllim və idarə heyətinin üzvü Könül xanım çıxış ediblər.
Sədri Fəxrəddin Eyvazov öz çıxışında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu vurğulayıb və bildirib:
“Zəfər Günü xalqımızın birlik və əzm ruhunun rəmzidir. Bu gün biz təkcə qəhrəmanlıq tariximizi deyil, həm də gənc nəslə və müəllimlərimizə örnək olan vətənpərvərlik ruhunu xatırlayırıq. Belə tədbirlər həm həmrəyliyi gücləndirir, həm də müəllimlər arasında dostluq və əməkdaşlıq mühitini möhkəmləndirir.”
O, həmçinin qeyd edib ki, Həmkarlar İttifaqı yalnız sosial müdafiə sahəsində deyil, eyni zamanda təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili və fiziki sağlamlıqlarının qorunması istiqamətində də mütəmadi tədbirlər həyata keçirir.
Məktəbin direktoru Elşən müəllim çıxışında tədbirin təşkilinə görə Rayon Komitəsinə təşəkkürünü bildirib və belə yarışların müəllimlər arasında motivasiya, komanda ruhu və dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
İdarə heyətinin üzvü Könül xanım isə çıxışında Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində parlaq səhifə olduğunu, bu qələbənin təməlində Azərbaycan xalqının birliyi və ordumuzun şücaətinin dayandığını diqqətə çatdırıb.
Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Müəllimlərdən ibarət komandalar qələbə uğrunda böyük əzmlə mübarizə aparıblar. Yarışın sonunda fərqlənən komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.
Bu kimi tədbirlər həmkarlar ittifaqlarının üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, müəllimlərin mənəvi-psixoloji rahatlığının və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.







