Xəbərlər
Zəfər Gününün qüruru və şəhidlərimizin əziz xatirəsi yad edilib

Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Rayon Ağsaqqallar Şurasının sədri, idarə və müəssisələrin, ictimai təşkilatların rəhbərləri, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Zəfər bağında yerləşən xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra 8 noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrin rəşadəti, şəhidlərin və qazilərin qəhrəmanlığı nəticəsində 30 ildən artıq işğal altında olan ərazilərimiz azad edilib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib.
Rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski çıxışında Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni yüksək dəyərləndirərək bildirdi ki, bu Qələbə dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir.
Şəhid Emil Əliyevin anası Şəmidə Əliyeva göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tədbir rəngarəng musiqi nömrələri ilə davam etdirilib, sonda şəhid ailələri və qazilərlə xatirə şəkili çəkdirilib.








