Xəbərlər
Zəfər kuboku uğrunda yarış keçirildi

ETİHİ Quba Rayon Komitəsinin təşkilatçılığı ilə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin idman zalında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş müəllimlər arasında voleybol yarışı keçirilib.
Yarışda Amsarqışlaq, Bağbanlı, Zərdabi, Cimi, Dağlı, Səbətlər və I Nügədi kənd tam orta ümumtəhsil məktəblərinin, eləcə də Quba müəllimlərinin komandaları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yarışın əsas məqsədi müəllimlər arasında birlik və həmrəyliyi gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və idmanın təbliğinə töhfə vermək olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda komandalar öz bacarıq və çevikliklərini nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, Quba komandası I, I Nügədi kənd tam orta ümumtəhsil məktəbinin komandası II, Bağbanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb. Qalib komandalara müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Yarışın ədalətli və obyektiv keçirilməsini təmin edən hakimlər kollegiyasının üzvləri isə fəxri fərmanlarla təltif ediliblər. Tədbir iştirakçılarda xoş təəssürat yaradıb, yüksək əhval-ruhiyyə və Zəfər Gününün qürurverici ruhuna uyğun şəkildə başa çatıb.


















