Xəbərlər
Zəfər ruhu idman meydançasında

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş voleybol yarışının final mərhələsi keçirilib.
Final mərhələsində çıxış edən ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm əhəmiyyətindən, Vətən müharibəsində qazanılan tarixi Qələbənin milli birliyimizin, həmrəyliyimizin və sarsılmaz iradəmizin təcəssümü olmasından danışıb. O, bu cür idman yarışlarının təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, kollektiv ruhun möhkəmləndirilməsi və dostluq münasibətlərinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Yarışda qonaq qismində Texniki Humanitar Liseyin və 14 nömrəli tam orta məktəbin direktorları Kəmalə Mirzəyeva və Rəfail Hüseynov da iştirak edərək komandalarına mənəvi dəstək göstəriblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən:
- I yer – Texniki Humanitar Liseyin komandası;
- II yer – 46 nömrəli tam orta məktəbin komandası;
- III yer – 14 nömrəli tam orta məktəbin komandası;
- IV yer – 240 nömrəli tam orta məktəbin komandası.
Təhsil işçiləri arasında keçirilən voleybol yarışı idman mübarizəsindən daha böyük məna daşıyaraq həmrəyliyin, dostluğun, səmimiyyətin və birliyin təntənəsinə çevrilib. Yarışın ruhu, komandaların qarşılıqlı dəstəyi və nümayiş etdirdikləri komanda əzmi xalqımızın Zəfər rəmzinə çevrilmiş “Dəmir yumruq” birliyini bir daha xatırladıb.





















































































