Xəbərlər
“ZƏFƏR SALNAMƏSİ: RƏNGLƏRDƏ, SÖZLƏRDƏ VƏ NƏĞMƏLƏRDƏ” ADLI TƏDBİR KEÇİRİLİB

8 Noyabr – Zəfər Günü münasibətilə Ağcabədidə “Zəfər salnaməsi: rənglərdə, sözlərdə və nəğmələrdə” adlı tədbir keçirilib.
Tədbir Ağcabədi regional “ASAN xidmət” mərkəzi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumu, Qarabağ Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tərəfdaşlığı ilə təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ağcabədi Rayon Dövlət Rəsm Qalereyası və Ağcabədi Rayon Mərkəzi Kitabxanasının birgə təşkil etdiyi Zəfər tariximizə həsr olunmuş rəsm əsərləri və kitab sərgisi ilə tanış olublar.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Radə Qafarova, şəhid Akif Abbasovun anası, Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Xanım Mehdiyeva, N saylı hərbi hissənin zabiti, leytenant Vüsal Əlişanov, Mirzə Fətəli Axundov adına məktəb-liseyin təqaüddə olan Əməkdar müəllimi Zəhra İbrahimova, ADPU-nun Ağcabədi filialının tələbəsi Arzu Həsənova və Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüsü Səbinə Sadıqzadə çıxış ediblər.
Tədbirdə məktəb həmkarlar təşkilatının sədrləri, müəllimlər,təhsil müəssisələrinin müharibə iştirakçıları iştirak etdi
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin fədakarlığı, milli birlik və həmrəyliyin gücü, eləcə də Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasında təhsil və maarifləndirmənin rolu vurğulanıb.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdləri və Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən təqdim olunan musiqi və rəqs nömrələri iştirakçılara xoş anlar yaşadıb.
Tədbir Zəfər tariximizin yaşadılması, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi ideyalarını özündə birləşdirib.










