Xəbərlər
Zəfərimiz daim olsun, Vətən oğlu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə təhsil müəssisələrində “Zəfərin mübarək, Vətən oğlu!” adlı silsilə tədbirlər davam edir.
Layihənin əsas məqsədi Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüşlər keçirmək, onların döyüş yolunu və qəhrəmanlıq nümunələrini gənc nəslə tanıtmaq, şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Silsilə tədbirlər çərçivəsində Ağcabədi şəhər Ş. Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin Həmkarlar Təşkilatının sədri, Vətən müharibəsi iştirakçısı Məmmədov Mehdi müəllimlə görüş keçirilib.
Görüşdə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Məktəbin adını daşıdığı şəhid Şirin Hüseynovun xatirəsi də dərin hörmətlə anılıb.
Qarabağ müharibəsinin ilk günlərindən döyüş bölgələrində iştirak edən Mehdi müəllim 44 günlük Vətən müharibəsində də qərargah rəisi kimi xidmətini davam etdirib. O, müharibə zamanı göstərdiyi şücaətə və xidmətlərinə görə orden və medallarla təltif olunub.
Görüş zamanı döyüş xatirələrini bölüşən Mehdi müəllim bildirib ki, qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, onları bir amal – Vətənin azadlığı və müstəqilliyi birləşdirib.
Tədbirdə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsinin xalqımızın birliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və əzminin nəticəsi olduğu vurğulanıb. Qəhrəman müəllimlərin döyüş yolunun gənc nəslə çatdırılmasının, şagirdlərdə Vətən sevgisi, milli qürur və vətənpərvərlik hisslərinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Mehdi müəllim həm də məktəb Həmkarlar Təşkilatının sədri kimi rəhbərliklə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərərək kollektivin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə, təhsil işçilərinin problemlərinin diqqətdə saxlanılmasına və sosial müdafiəsinin gücləndirilməsinə töhfə verir.
Onun fəaliyyətinin əsas istiqamətlərini təhsil işçilərinin əmək və sosial hüquqlarının müdafiəsi, asudə vaxtlarının səmərəli təşkili, ictimai işlərdə və pedaqoji fəaliyyətdə məsuliyyətli mövqeyi təşkil edir.
Hörmətli Mehdi müəllim!
Sizi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, Vətənə xidmətinizə və həmkarlar ittifaqı fəaliyyətinizə görə təşəkkürümüzü bildiririk.







