Xəbərlər
Zəfərimizin qəhrəmanları ilə görüş: Qazilərə və şəhid ailələrinə ehtiram

5 noyabr 2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, ETİHİ Quba Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda təhsil sahəsində çalışan bir qrup qazi, müharibə veteranı və şəhid ailəsi üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Quba Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir müavini – sektor müdiri Asəf Şirinov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba sektorunun müdiri Pərviz Nurməmmədov və ETİHİ Quba Rayon Komitəsinin sədri Vüsalə Kərimova iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Pərviz Nurməmmədov qazilərin, müharibə iştirakçılarının və şəhidlərin xalqımız üçün hər zaman böyük dəyər daşıdığını vurğulamışdır. Daha sonra çıxış edən Asəf Şirinov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində xalqımızın tarixi Zəfər qazandığını qeyd etmişdir. Vüsalə Kərimova çıxışında səsləndirilən fikirlərə qoşularaq Zəfər Gününün xalqımızın qürur və iftixar mənbəyi olduğunu bildirmişdir. O, həmçinin təhsil sahəsində çalışan qazilərə, müharibə veteranlarına və şəhid ailələrinin üzvlərinə daim hörmət və ehtiram göstərilməsini vurğulamışdır.
8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətinə toxunularaq qeyd edilmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində ölkəmiz tarixi Qələbə qazanmışdır. Bu gün hər bir azərbaycanlının qürur mənbəyi olan Zəfər xalqımızın birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümüdür.
Zəfər Günümüz mübarək!










