Xəbərlər
Zəfərin mübarək Azərbaycan

7 noyabr 2025-ci il tarixində Ağstafa Rayon Icra Hakimiyyəti , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə geniş tərkibli və məzmunlu tədbir keçirilmişdir. Bu əlamətdar gün münasibətilə təşkil olunan tədbir xalqımızın şanlı Qələbəsinin əzəmətini, milli birliyimizin gücünü və qəhrəmanlarımızın göstərdiyi rəşadəti bir daha xatırlatmağı qarşıya məqsəd qoymuşdur.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, rayonun idarə və müəssisə rəhbərləri, orqan işçiləri, təhsil işçiləri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və xalq–ordu birliyinin sarsılmazlığı xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, strateji hərbi-siyasi liderliyi və xalqımızın bir yumruq kimi birləşməsi nəticəsində mümkün olmuşdur.
Bu münasibətlə tədbir iştirakçıları cənab Prezidentə – Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edərək, Zəfərin təmin olunmasında göstərdiyi tarixi xidmətləri yüksək qiymətləndirmişlər.
Tədbirdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açılmış, onların fədakarlığının heç vaxt unudulmayacağı diqqətə çatdırılmışdır. Daha sonra şagirdlərin təqdimatında Vətən, igidlik və Zəfər mövzusunda şeirlər nümayiş etdirilmişdir.
Tədbir Zəfər ruhunun, milli qürurun və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi ilə yadda qalmışdır.














