Xəbərlər
Zəfərin təntənəsi Yasamalda
8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal rayonunda milli qürurumuzun və dövlətçilik iradəmizin təcəssümü olan möhtəşəm bayram mərasimi keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan mərasim xalqımızın tarixi Qələbəsinə həsr olunub.
Mərasimdə Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasim çərçivəsində böyük ekranda nümayiş olunan “Zəfər tariximiz: Qürur və iftixar salnaməsi” mövzusu iştirakçılara xalqımızın qəhrəmanlıq tarixini, Vətən müharibəsində qazanılan tarixi Qələbəni və bu Zəfərin milli yaddaşımızdakı yerini bir daha xatırladıb.
Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin qüdrətinin parlaq təzahürü olduğu vurğulanıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan bu uğurun müasir tariximizdə müstəsna yer tutduğu diqqətə çatdırılıb.
Xüsusilə qeyd olunub ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın tarixi yaddaşına əbədi həkk olunub. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan mübarizənin və milli iradənin rəmzinə çevrilib.
Çıxışlarda qazilərimizin şücaəti və fədakarlığı minnətdarlıqla vurğulanıb, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyəti qeyd olunub.
Tədbir incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik ruhlu musiqi nümunələri və qəhrəmanlıq motivli kompozisiyalardan ibarət konsert proqramı ilə davam edib.
Yasamal rayonunda keçirilən mərasim tarixi Qələbəmizə ehtiramın, Vətənə bağlılığın və milli dəyərlərimizə sədaqətin ifadəsi kimi yadda qalıb.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli bayrağımız daim ucalarda olsun!



