“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ZƏFƏRİN MÜBARƏK, VƏTƏN OĞLU

02/11/2026, 10:39
xeber1

Qəhrəmanlarımızla qürur duyuruq!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində “Zəfərin mübarək, Vətən oğlu!” adlı silsilə tədbirlərə start verilib.

Tədbirlərin əsas məqsədi 8 Noyabr – Zəfər Günü münasibətilə təhsil müəssisələrində çalışan, Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüşlər keçirmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq, şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Bu çərçivədə Ağcabədi rayonunun Müşfiq Ukuxanov adına Sarcalı kənd tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi işləyən, Vətən müharibəsinin iştirakçısı Qafatov Elgiz Cəbrayıl oğlu ilə görüş keçirilib.

Görüşdən əvvəl məktəbin direktoru Məmmədova Sevinc Həmkarlar İttifaqı təşkilatının sədri Şəlalə Abdullayeva və Elgiz müəllimin iştirakı ilə kəndin Şəhidlər xiyabanı ziyarət olunub. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Məktəbin adını daşıyan şəhid Müşfiq Uluxanovun xatirəsi də dərin hörmətlə anılıb.

Döyüş yolu Suqovuşandan başlayan baş gizir Elgiz Qafatovun qəhrəmanlıq salnaməsi Laçının azadlığı uğrunda aparılan döyüşlərlə davam edib. O, Vətən müharibəsində göstərdiyi şücaətə və xidmətlərinə görə orden və medallarla təltif olunub.

Görüş zamanı Elgiz müəllim müharibənin ağır və unudulmaz xatirələrindən danışaraq bildirib ki, bütün çətinliklərə baxmayaraq, onları bir amal birləşdirirdi: Vətənin azadlığı və müstəqilliyi. Bu müqəddəs amal uğrunda hər bir Azərbaycan vətəndaşı canından keçməyə hazır idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi xalqımızın birliyinin, Ordumuzun gücünün və qəhrəmanlığının təntənəsidir.

Belə görüşlər qəhrəman müəllimlərimizin keçdiyi şərəfli döyüş yolunu tanıtmaq, gənc nəsildə Vətən sevgisini, milli qürur və vətənpərvərlik hisslərini gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə və müharibə iştirakçılarımıza can sağlığı arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: