Xəbərlər
Zərdabda bir qrup təhsil işçisi üçün İçərişəhərə gəzinti turu təşkil olunub

Martın 24-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun bir qrup təhsil işçisi üçün İçərişəhərə gəzinti turu təşkil olunub.
Gəzinti turunda təhsildə bir sıra uğurları ilə fərqlənən müəllimlər iştirak ediblər. Belə ki, müxtəlif illərdə keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri, həmçinin şagirdləri Respublika fənn olimpiadasında yüksək nəticələr əldə etmiş müəllimlər tura cəlb edilib.
Tur iştirakçıları əvvəlcə İçərişəhərdə yerləşən bir sıra tarixi-memarlıq abidələri – məscidlər, minarələr, qala divarları və digər qədim tikililərlə tanış olublar. Daha sonra onlar Şirvanşahlar Saray kompleksi və Qız qalasına baş çəkiblər.
İçərişəhər Tarix-Memarlıq Qoruğunun əməkdaşları tərəfindən tur iştirakçılarına şəhərin orijinal memarlıq abidələri və incəsənət nümunələri barədə ətraflı məlumat verilib.
Daha sonra tur iştirakçıları Şəhidlər xiyabanına və orada yerləşən Əbədi məşəl abidəsinə yollanaraq şəhidlərimizin xatirəsini yad ediblər.
Tədbir nahar və çay süfrəsi arxasında davam etdirilib. İştirakçılar yaradılan şəraitə görə həmkarlar ittifaqına minnətdarlıqlarını bildiriblər.









