Xəbərlər
Zərdabda kitab təqdimatı keçirilib
Fevralın 17-də Zərdab şəhəri 1 nömrəli məktəb-liseydə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kəndəbil kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, şair Zülfü Qasımovun "Qar bəyazlığı" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı Məmmədalı Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, şəhid ailəsi üzvləri, müəssisə və təşkilat rəhbərləri, müxtəlif sahə həmkarlar ittifaqı təşkilatlarının sədrləri, məktəb direktorları, müəllimlər, ictimaiyyət nümayəndələri, gənc yazarlar və bir qrup məktəbli iştirak edib.
Çıxış edənlər müəllifin yaradıcılıq yolundan bəhs edərək onun poeziyasının səmimiliyi, vətənpərvərlik və tərbiyəvi ruhunu vurğulayıb, ona yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbir çərçivəsində şagirdlərin ifasında kitabdan seçilmiş şeirlər səsləndirilib, oxucuları maraqlandıran suallar müəllif tərəfindən cavablandırılıb.
Sonda gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə Zülfü Qasımov fəxri fərmanla təltif edilib, ona xatirə hədiyyəsi təqdim olunub.



