Xəbərlər
Zərdabda olimpiada və müsabiqə qaliblərinin müəllimləri mükafatlandırılıb

İyunun 19-da ETİHİ Zərdab Rayon Komitəsi və Zərdab rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 2025–2026-cı tədris ilində olimpiada və müsabiqələrdə uğur qazanmış şagirdlər və onların müəllimləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov və ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov təhsildə əldə olunan nailiyyətlər münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, qazanılan uğurlar təhsil sahəsinə göstərilən dövlət qayğısının və təhsil işçilərinin fədakar əməyinin nəticəsidir.
Tədbir çərçivəsində olimpiada və müsabiqə qalibi olan şagirdlərin müəllimlərinə ETİHİ Zərdab Rayon Komitəsi tərəfindən pul mükafatları təqdim olunub. Eyni zamanda həmin müəllimlər və müvafiq təhsil müəssisələrinin direktorları təhsilin inkişafına verdikləri töhfələrə görə “Təşəkkürnamə” ilə təltif ediliblər. Uğur qazanan şagirdlər isə müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir iştirakçıları bu cür tədbirlərin müəllimlərin əməyinin stimullaşdırılması baxımından əhəmiyyətli olduğunu və gələcək fəaliyyətlərində yeni uğurlara yol açdığını qeyd ediblər.










