Xəbərlər
Zərdabda Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib

Aprelin 18-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsi tərəfindən Zərdab şəhəri 1 nömrəli məktəb-liseydə rayonun peşə, ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə "Sağlam psixososial iş mühitini təmin edək!" devizi altında maarifləndirici tədbir keçirilib.
Tədbirdə ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin baş məsləhətçisi Məmmədalı Əhmədov və müvafiq təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Çıxış edənlər təhsil müəssisələrində sağlam və təhlükəsiz iş şəraitinin, eləcə də işçi məmnuniyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sağlam psixososial mühitin yaradılması təhsilin keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.








